Keçid linkləri

2025, 27 İyun, Cümə, Bakı vaxtı 02:53

Serbiya silah-sursat ixracını dayandırır


Serbiya Dövlətçilik Günü münasibətilə Nişdə silah və hərbi texnikanın nümayişi.
Serbiya Dövlətçilik Günü münasibətilə Nişdə silah və hərbi texnikanın nümayişi.

Serbiya prezidenti Aleksandar Vuçiçin qərarından sonra ölkə bütün sursat ixracını dayandırıb. Bu addım Balkan ölkəsinin İsrailə sursat ixracı ilə bağlı çətinliklərlə üzləşməsi və Moskvanın Serbiyada istehsal olunan sursatın Ukraynaya verilməsinə dair şübhələri fonunda atılıb.

"Biz sözün əsl mənasında hər şeyi dayandırmışıq və yalnız öz ordumuzu təmin edirik",- Vuçiç iyunun 23-də jurnalistlərin Serbiyanın İsrailə sursat ixrac etməklə İsrail-İran münaqişəsində tərəf seçib-seçmədiyi ilə bağlı sualına cavabında deyib.

Prezident Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın (ABŞ və Aİ tərəfindən terrorçu qrup kimi tanınır) hücumundan sonra Serbiyanın İsrailə silah ixracı "ayrı bir məsələ" idi, lakin bu gün "tamamilə fərqli bir vəziyyət" yaranıb.

Vuçiçin şərhindən bir neçə saat sonra Serbiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Serbiyada istehsal olunan silahların gələcəkdə ixracı üçün ölkənin Milli Təhlükəsizlik Şurasının razılığı və digər müvafiq orqanlardan icazə tələb olunacaq.

Serbiya silah ixracı ilə bağlı bu yaxınlarda Moskvanın təzyiqi ilə də üzləşib. Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Serbiyanı silahları üçüncü ölkələr vasitəsilə Ukraynaya göndərməkdə ittiham edib.

SVR yaydığı açıqlamada bildirib: "Serbiya müdafiə müəssisələrində istehsal olunan, əsasən, ağır və uzaqmənzilli sistemlər üçün nəzərdə tutulan sursatlar komplekt hissələr şəklində montaj üçün NATO ölkələrinə göndərilir və bu, Ukraynanın maraqları naminə edilir".

"Bu, Kiyevin artıq Serbiyaya aid olmayan, lakin Qərb ölkələrinin silah fabriklərində yığılmış hərbi məhsulları rəsmi olaraq qəbul etməsinə imkan verir", - SVR əlavə edib.

Serbiyanın Müdafiə Nazirliyi SVR-in bu ittihamlarını təsdiqləmək və ya təkzib etmək üçün AzadlıqRadiosunun sorğularına cavab verməyib. Vuçiç və digər serb rəsmiləri isə bu iddialarla bağlı açıqlama verməyiblər.

Aleksandar Vuçiç və Vladimir Putin
Aleksandar Vuçiç və Vladimir Putin

"Qorxaq çoxvektorlu siyasət..."

SVR bəyan edib ki, Serbiyanın Ukraynaya silah-sursat ixracı Belqrad və Moskva arasında əlaqələri gərginləşdirib.

"Dostluq və qarşılıqlı yardım ənənələrinin mənfəət həvəsi və qorxaq çoxvektorlu siyasət nəticəsində ləkələnməsi təəssüf doğurur", - SVR açıqlamasında bildirib.

İddiaya görə, Serbiyada istehsal olunan sursatların yığılması və yüklənməsi, əsasən, Çexiya və Bolqarıstanda həyata keçirilir.

Nə Çexiya, nə də Bolqarıstanın xarici işlər nazirliyi Rusiyanın iddiaları ilə bağlı AzadlıqRadiosunun sorğularına şərh verib.

SVR-in Serbiyanın hərbi sursatlarını Ukraynaya göndərmək üçün tədarük edən şirkətlərdən biri kimi göstərdiyi "EMCO Ltd." bolqar hərbi şirkəti AzadlıqRadiosuna açıqlamasında bu ittihamları qətiyyətlə rədd edərək onları "əsassız" adlandırıb.

"Bunun doğru olmadığını bəyan edirik. EMCO 10 ilə yaxındır ki, Ukrayna Müdafiə Nazirliyi üçün heç bir material ixrac etmir", - şirkətdən bildiriblər.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri - artıq üç ildən çoxdur ki, Vuçiç Moskvaya qarşı sanksiyalar tətbiq etmək üçün həm Brüsselin, həm də Vaşinqtonun təzyiqlərinə dözür.

Mayda o, 2022-ci ildən bəri Moskvaya ilk səfərini edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu səfər Brüsseldə narahatlıq doğurub.

Bu ayın əvvəlində isə prezident Vuçiç Odessada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa Sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Zelenski Vuçiçə Serbiyanın dəstəyi üçün təşəkkür edib.

Serbiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, o, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşır. Lakin o, Aİ üzvlüyünə namizəd ölkə olmasına baxmayaraq, Moskvaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb.

2024-cü ilin iyununda "The Financial Times" yazıb ki, 2022-ci ildən bəri Serbiyanın üçüncü tərəflər vasitəsilə Ukraynaya göndərdiyi sursat ixracının ümumi dəyəri təxminən 800 milyon avro təşkil edib. Həmin vaxt bu xəbəri şərh edən prezident Vuçiç deyib ki, ixrac "Serbiyanın iqtisadi dirçəlişinin bir hissəsidir və bizim üçün vacibdir".

"Bəli, biz sursatlarımızı ixrac edirik. Biz nə Ukraynaya, nə də Rusiyaya ixrac edə bilərik... amma bizim amerikalılar, ispanlar, çexlər və başqaları ilə çoxlu müqavilələrimiz var. Sonda bu onların öz işidir", - o, "The Financial Times"a müsahibəsində bildirib.

XS
SM
MD
LG