Bu həftə Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya uzunmüddətli üzvlük arzusu üçün dönüş nöqtəsi ola bilərdi. Amma sonda belə olmadı.
Hər iki qurumun liderləri müvafiq olaraq Brüsseldə və Haaqada keçirilən vacib sammitlərdə bir araya gələrkən Kiyevin hər iki quruma üzvlüyü əsas mövzu olmalı idi. Ancaq bunun əvəzində Ukrayna heç birinə üzv olmağa yaxın deyil, çünki müharibədən əziyyət çəkən ölkənin Avro-Atlantik icmaya üzvlüyü istiqamətində qarşılaşdığı çoxsaylı çətinliklər tam aydın görünür.
Bir il əvvəl NATO-nun Vaşinqton sammitinə qayıdaq. Ukrayna dəvət almadığı üçün məyus olsa da, amma sammitin yekun bəyannaməsində ölkədən ciddi şəkildə bəhs olunurdu: "Biz Ukraynanın öz təhlükəsizlik mexanizmlərini seçmək və kənar müdaxilələrdən azad şəkildə öz gələcəyinə qərar vermək hüququnu tam dəstəkləyirik. Ukraynanın gələcəyi NATO-dadır". Eyni zamanda qeyd olunurdu ki, "Ukrayna bu vacib işi davam etdirdikcə, biz onu Avro-Atlantik icmaya tam inteqrasiyaya, o cümlədən NATO üzvlüyünə dönməz yolda dəstəkləməyə davam edəcəyik".
O zaman ABŞ prezidenti olan Co Bayden Rusiya ilə müharibədə olan Kiyevlə bağlı çox da irəli getmək istəmirdi. Almaniya da sakitcə Vaşinqtonun mövqeyini dəstəkləyirdi, lakin sammitdə Ukrayna prezidenti Volodimir Zelenskinin "fəxri qonaq" qismində qəbul olunması və isti ifadələrlə müşayiət olunan çıxışlar bu üzvlüyə iddialı ölkənin tezliklə tamhüquqlu bir müttəfiqə çevriləcəyinin göstəricisi idi.
Ancaq bu il Haaqada keçirilən NATO sammitində mənzərə bundan daha kəskin ola bilməzdi. Bayden artıq prezident deyil. Onun yerində isə illərdir Ukraynanın NATO-ya üzv olmaq şansını açıq şəkildə rədd edən Donald Tramp var. Bu yeni reallıq hər yerdə özünü göstərirdi.
Liderlər səviyyəsində NATO–Ukrayna Şurasının görüşü keçirilmədi. Heç kim Ukraynanın gələcək üzvlüyü barədə açıq danışmadı və bu barədə yekun bəyannamədə də heç bir ifadə yer almadı. Əvəzində isə sadəcə bir cümlə qeyd olunmuşdu: "müttəfiqlər Kiyevə göstərilən maliyyə dəstəyini NATO-nun yeni müdafiə xərcləri hədəfinə daxil edə bilərlər".
Düzdür, Zelenski sammitin şam yeməyində iştirak edirdi. O, bütün müvafiq liderlərlə, o cümlədən D.Trampla ikitərəfli görüş keçirdi və verilən açıqlamalara görə, bu görüş uğurlu keçdi. Tramp hətta Zelenskinin xoş biri olduğunu dedi, Ukraynaya potensial olaraq "Patriot" raket sistemlərinin göndərilməsinə açıq olduğunu bildirdi və danışıqlara gəlməsi üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməyə hazır görünürdü. Amma reallıqda, nəzakətli sözlərə baxmayaraq, Ukrayna konkret heç nə əldə etmədi.
Vaşinqton hələ də Rusiyaya sanksiya tətbiq etməyə istəkli deyil, avropalılar isə Rusiya neftinin qiymət həddini aşağı salmaqla bağlı əsas təşəbbüslərindən geri çəkilirlər. NATO üzvlüyünə gəldikdə isə, Kiyev buna bir il əvvəlkindən daha uzaq görünür.
Rəsmi şəxslərin Trampın Zelenski ilə pis rəftar etməməsini və ukraynalıların nəticəsizliklə bağlı şikayət etməməsini uğur kimi qiymətləndirməsi gözləntilərin nə qədər aşağı olduğunu göstərir.
"Mən sammiti Ukrayna üçün uğursuz hesab etmirəm. Əksinə, biz bu gün üçün real olaraq mümkün olan maksimumu əldə etdik. Fakt ondan ibarətdir ki, hətta xeyli qısaldılmış NATO kommünikesində belə, mövcud şəraitdə Ukraynaya davamlı dəstəyə həsr olunmuş xüsusi bir bənd var və məhz bizə lazım olan da budur. Gələcəkdə nə vaxtsa NATO-ya qoşulacağımıza dair abstrakt açıqlama və ya qeyri-müəyyən vəd yox", - ukraynalı politoloq Volodimir Fesenko "Current Time"a bildirib.
Brüsseldə də ümidlər doğrulmadı
Bir gün sonra isə Brüsseldə keçirilən Aİ sammitində də eyni hal yaşandı.
2022-ci ilin iyun sammitində Aİ Ukraynaya namizəd statusu verdi və düz bir il əvvəl - 2024-cü ildə Aİ sammitində Ukrayna ilə rəsmi olaraq üzvlük danışıqlarına başlamaq qərara alındı.
Bu il isə həm Kiyev, həm də Brüsselin məqsədi Aİ üzvlüyü üçün tələb olunan altı danışıq klasterindən bir neçəsinin rəsmi olaraq açılması idi.
Həm Avropa Komissiyası, həm də Aİ-yə üzv 27 ölkədən 26-sı Ukraynanın buna hazır olduğuna inanır, lakin bunun baş verməsi üçün yekdillik tələb olunur. Ancaq indiyədək bu məsələdə Macarıstan əks mövqe nümayiş etdirir. Sammit ərəfəsində Macarıstanın baş naziri Viktor Orban ölkəsində keçirilən məsləhət xarakterli referendumun nəticələrini təqdim etdi. Referendumda 2 milyondan çox insan - səs verənlərin 95 faizi Ukraynanın Aİ-yə üzvlüyünə qarşı səs vermişdi.
Görüşdən əvvəl Orban bildirdi ki, "problem müharibədir, əgər Ukraynanı inteqrasiya etsək, müharibəni də inteqrasiya etmiş olacağıq". AzadlıqRadiosunun atəşkəs olarsa, onun fikrinin dəyişib-dəyişməyəcəyi ilə bağlı sualına isə, o, sadəcə ortada heç bir atəşkəsin olmadığı cavabını verdi.
Aİ-nin sammit qərarlarının əvvəlcədən hazırlanması faktı göstərir ki, Budapeştin Ukrayna ilə bağlı qərarı bloklaması artıq qəbul olunmuş haldır.
Zelenskinin Brüsseldəki görüşdə şəxsən iştirak etməməsi, bunun əvəzinə videobağlantı vasitəsilə liderlərə müraciət etməsi də bir işarə idi. Aİ rəsmiləri onun yoxluğunu "logistik səbəblər" ilə əlaqələndirdi. Amma Zelenski iclasdan əvvəl həm NATO sammiti üçün Haaqada idi və Aİ sammitindən sadəcə bir gün öncə Strasburqda Avropa Şurasında çıxış etmişdi.
Macarıstanın tezliklə, bəlkə də, bu yayın sonunda qərarından geri çəkiləcəyinə dair ümidlər olsa da, əksər Avropa rəsmiləri Ukrayna ilə bağlı vetonun 2026-cı ilin aprelində keçiriləcək Macarıstan parlament seçkilərinə qədər sürə biləcəyini etiraf edirlər. Çünki Ukraynanın Aİ-yə inteqrasiyası məsələsi indi Macarıstanda milli müzakirə mövzusuna çevrilib.
Ukraynanın Aİ-yə üzvlüyü yalnız Macarıstan və Slovakiyanı narahat etmir...
Digər tərəfdən heç bir Aİ ölkəsinin müvafiq mövzu ilə bağlı Budapeştə təzyiq göstərməməsi də maraqlıdır.
Avropa paytaxtlarında belə bir fikir yaranır ki, bəzi ölkələr gizli şəkildə Ukraynanın Aİ-yə üzvlüyünü ləngidilməsindən kifayət qədər rahatdırlar.
Bu isə Macarıstan və Slovakiyanın hüdudlarından kənara çıxır. Hər iki ölkə açıq şəkildə etirazlarını ifadə edir.
Polşa bu yaxınlarda yeni prezident seçib. Yeni prezident Karol Navrotski Ukraynanın Aİ-yə kənd təsərrüfatı məhsullarının idxalını tənqid etməkdən və Varşava ilə Kiyev arasındakı həssas tarixi məsələləri gündəmə gətirməkdən çəkinmir. Çexiya isə payızda yeni hökumət seçəcək və bu yeni hökumət Ukraynaya qarşı daha az həvəsli ola bilər.
Ukraynanın ən yaxın qonşuları aydın şəkildə görür ki, bu ölkə gələcək illərdə onlar üçün nəzərdə tutulmuş Aİ maliyyə dəstəyinə öz payı üçün də iddia edəcək. Aİ-nin daha qərbində də nüvə supergücü (Rusiya) ilə qanlı münaqişədə olan böyük və kasıb bir ölkəni bloka sürətlə qəbul etməklə bağlı müəyyən şübhələr mövcuddur.
Ailəyə (Aİ) belə bir üzvü (Ukraynanı) qəbul etmək üçün klub özü islahatlara getməlidir və bu islahatlar həm siyasi, həm də maddi cəhətdən ağrılıdır.
Ancaq qeyd olunmalıdır ki, NATO üzvlüyündən fərqli olaraq, Ukraynanın Aİ-yə üzvlüyü hələ gündəmdən çıxmayıb. Amma bu həftə göstərdi ki, Kiyevin 2030-cu ilə qədər Aİ-yə üzv olması ilə bağlı iddialı məqsəd yenidən nəzərdən keçirilməlidir. Bir diplomatın sözləri ilə desək, "2030-cu illər indi daha real görünür".