Keçid linkləri

2025, 27 İyun, Cümə, Bakı vaxtı 23:27

'Hökm qüvvəyə minməmiş onlar Kürdəxanı təcridxanasından köçürülə bilməzdi, qanunsuzdur'


Kürdəxanı həbsxanası
Kürdəxanı həbsxanası

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər, eləcə də politoloq Bəhruz Səmədovun hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsinə ailələri etiraz edir. Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib.

B.Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsinin Umbakıya köçürülməsindən iyunun 27-də xəbər tutub. Onun sözlərinə görə, bunu Bakı İstintaq Təcridxanasından öyrənib: "Nə işçilər məlumat verib, nə də Bəhruza şərait yaradıblar ki, özü xəbər versin. Hökm hələ qüvvəyə minməyib, niyə köçürürlər?".

"AbzasMedia"çıların yaxınları da onların Umbakıya köçürülməsindən narazıdır. Deyirlər ki, Penitensiar Xidmətin bu addımı qanunsuzdur, vəkil şikayət verəcək.

"Hökm qüvvəyə minməmiş onlar Kürdəxanıdan köçürülə bilməz. Hökmdə cümlə var ki, "hökm qüvvəyə minənədək barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməsin". Həbs-qətimkan tədbiri seçilməsi barədə qərarda da saxlanma yeri Bakı İstintaq Təcridxanası göstərilib. Deməli, qüvvəyə minənədək bu adamlar Bakı İstintaq Təcridxanasında saxlanmalıdırlar. Açıq-aşkar əvvəlki qərara da, indiki hökmə də ziddir, qanunsuz addımdır", –jurnalistlərdən birinin ailə üzvü AzadlıqRadiosuna bildirib.

Həbsdəki jurnalist və ictimai fəalların haqqında hökm qüvvəyə minmədən onların yerdəyişməsi ilə əlaqədar yaxınların narazılığına Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Jurnalistlərə 9 iləcən, ictimai fəala 15 il həbs kəsilib

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.

"AbzasMedia" işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan ictimai fəal B.Səmədova isə dövlətə xəyanət ittihamıyla 15 il həbs cəzası verilib. O, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlanır. Gənc politoloq ittihamı rədd edir, müharibə əleyhinə mövqeyinə, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir. B.Səmədov 2024-cü ilin avqustundan həbsdədir.

Yerli və beynəlxalq insan haqları təşkilatları bu hökmləri qınayıb, onları Azərbaycanda tənqidi səslərin susdurulması üçün repressiya kimi qiymətləndirib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG