Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) və polis təhlükəsizlik amillərini və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədilə Müqəddəs Eçmiədzin Ana Kilsəsinin ərazisindən geri çəkilmək qərarına gəlib.
MTX bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa çağırıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə maneə törədilməsi hallarına hüquqi qiymət veriləcək.
+++
Ermənistan Apostol Kilsəsinin əsas məbədi olan Müqəddəs Eçmiədzin Ana Kilsəsi ətrafında vəziyyət gərgindir. Kilsənin zəngləri dayanmadan çalınır. Din xadimlərindən biri AzadlıqRadiosuna deyib ki, bu, yardım çağırışıdır.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Müqəddəs Eçmiədzin Ana Taxt-İqamətgahının qapıları yaxınlığında toqquşma və izdiham qeydə alınıb. Vətəndaşlar hələ də hüquq-mühafizə orqanlarının Şirak Yeparxiyasının ruhani lideri arxiyepiskop Mikael Acapahyanı aparmasına mane olmağa çalışırlar.
"Baş verənlər tamamilə qanunsuzdur, amma mən heç vaxt gizlənməmişəm və indi də gizlənmək fikrində deyiləm. Ardımca gəliblər, gedəcəm. Mən bu ölkə üçün təhlükə deyiləm, təhlükə hökumətdədir", - arxiyepiskop Acapahyan deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ermənistanda hökumət-kilsə qarşıdurması pik həddə: 'Katolikos qovulmalıdır'
Eçmiədzindəki din xadimləri arxiyepiskopu kilsəni tərk etməməyə çağırıblar. "Qoy gəlib hamımızı aparsınlar", - onlar deyiblər.
Ermənistan Baş Prokurorluğu iyunun 26-da yaydığı açıqlamada bildirib ki, bir həftə əvvəl Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop M.Acapahyan barəsində çevrilişə çağırış ittihamı ilə cinayət işi başlanılıb.
"Armenpress" bildirir ki, arxiyepiskopla bağlı cinayət işi onun "Ermənistanda hərbi çevriliş etmək lazımdır" bəyanatı ilə bağlıdır.
Xatırlatma
Bundan öncə Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyan barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Ermənistan İstintaq Komitəsi iddia edir ki, Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs Mübarizə" hərəkatı Ermənistanda terror və hakimiyyəti ələ keçirməyi planlaşdırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Yerevanda kütləvi həbslər - Paşinyan çevriliş planlandığını deyir