İyunun 26-da Bakıda "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) vurğulayır ki, onlara Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub: "Yanğın qısa müddətdə söndürülüb".
İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur.
Hələlik, hadisənin səbəbi açıqlanmır.
"Pirotexniki maddələr yığılan tikilidə partlayış..."
Yanğının kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yarandığı bildirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 27-də məlumat yayıb.
Məlumatda əlavə edilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb: "Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Hələlik, məsələyə "Azərbaycanfilm"in rəhbərliyindən münasibət bildirilməyib.
+++
Baş Prokurorluq bildirib ki, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb: "Kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib... Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır".
+++
"Azərbaycanfilm" kinostudiyasında bundan öncə də bir neçə dəfə yanğın olub. Sonuncu yanğın 2022-ci ilin mayın 20-də baş vermişdi. Onda hadisə zamanı 15-16 kvadratmetr ərazinin yandığı bildirilmişdi.
Son dönəmlər bu qurumun bir çox studiyalarının bağlandığı deyilir. Bu vəziyyət isə bu sahəyə hökumətin yetərli diqqət ayırmaması ilə izah edilir. Hərçənd rəsmilər çıxışlarında, bir qayda olaraq, Azərbaycanda dövlətin kinoya böyük qayğısından bəhs edirlər.